PRESSA

Güclü dövlət, uğurlu siyasət, kamil millət xoş gələcəyimizdir: 7-ci hissə

Cahangir Hüseynov: "Qadınlara qarşı zorakılığı aradan qaldırmaq üçün ilk növbədə qüvvədə olan qanunların gücündən tam istifadə etmək və milli qanunvericiliyi təkmilləşdirmək, orada mövcud olan boşluqları doldurmaq lazımdır"

Günümüzdə qadınların ictimai-siyasi həyatda rolu, ölkədə gedən bu və digər proseslərdə yaxından iştirakı kimi müsbət tendensiya müşahidə edilməkdədir.   Bu gün Azərbaycanda qadınların nəinki seçib-seçilmək hüququ, hətta mərkəzi və yerli icra hakimiyyətlərində təmsil olunmaq, yüksək post tutmaq imkanları da var. İstər parlamentdə, istər bu və ya digər dövlət qurumlarında çoxlu sayda qadınlar təmsil olunur. Ancaq onu da etiraf etmək lazımdır ki, qadınlara qarşı zorakılıq halları da müşahidə edilməkdədir. Bu gün dünyanın istənilən ölkəsində bu kimi mənfi tendensiyaya rast gəlinir. Sabiq millət vəkili, tədqiqatçı alim, hüquq elmləri üzrə fəlsəfə doktoru Cahangir Hüseynovun   bu günlərdə çap olunan  "Fikir və düşüncələrim" adlı kitabında da bu mövzuya xüsusi yer ayrılıb. Aprel döyüşlərində həlak olmuş şəhidlərin ruhuna ithaf olunmuş kitabda gender bərabərliyi və   gender mədəniyyəti haqqında fikirlərini oxucuları ilə bölüşən sabiq millət vəkili Cahangir Hüseynov qeyd edir ki, sosial-psixoloji cəhətdən müxtəlif davranış normaları qadının müəyyən tipi əsasında formalaşır.

Onun sözlərinə görə, qadınlara qarşı zorakılıq problemi kontekstində ən yayılmış qadın tiplərinə nəzər salsaq, zorakılıq qurbanı olan qadınların xasiyyətində əlavə çalarlar aşkar edə bilərik ki, bu da problemin dərk edilməsində yardımçı element funksiyasını yerinə yetirə bilər. Tədqiqatçı alimin qənaətincə,  "Qadın-qurbanlar" tipinə o şəxslər aiddir ki, onların üzərinə zorakılıq hərəkətinin müxtəlif növləri yönəldilib. "Qadın-təcavüzkarlar" isə o şəxslərdir ki, özləri nisbətən zəiflər üzərinə hücuma keçir: "Təhqir olunmuşların müdafiəsinə qalxan və bir növ vəkil funksiyasını yerinə yetirənlər isə "qadın-müdafiəçilər" tipidir. Qadın tipləri sırasında "qadın-gözə görünməyənlər" tipi də mövcuddur ki, buraya daha çox kölgədə qalmağa üstünlük verən, bununla da cəmiyyətin diqqətini özünə cəlb etməyən, hadisə və münasibətlərin mərkəzində durmaq istəməyən qadınlar aiddir. Təbii ki, həmin qadın tipləri bu və ya digər zorakılıq anında özünü müxtəlif cür  göstərə bilər ki,   bu da müvafiq şəraitdən asılıdır. Qadının zorakılığa olan reaksiyası və cavab davranışı aşağıdakı növlərdə təzahür edir. inciklik, qorxu, vahimə, biganəlik, düşgünlük, qisas almaq arzusu, şəxsi ləyaqətin itirilməsi hissi, protest, kobudluq, vəziyyəti bir qədər yumşaltmaq cəhdi, sakitlik və s. Müasir dövrdə qadınlara qarşı törədilən zorakılıq əməlləri müxtəlif formalarda təzahür edir.

Lakin bütövlükdə götürdükdə, zorakılıq əməllərinin əsasən iki məkanda - ailədə və cəmiyyətdə baş verdiyini göstərə bilərik. Ailədə qadınlara qarşı törədilmiş   zorakılıq cəmiyyətdə baş verən zorakılıq hallarından kəskin olmasa da, hiss olunacaq dərəcədə fərqlənir. Ona görə ki, ailədaxili zorakılıq miqyasına görə daha dar çərçivədə inkişaf edir və çox vaxt kölkədə qalır. Cəmiyyətdə isə qadınlara qarşı zorakılıq ictimaiyyətin diqqət mərkəzində olur və ən azı "ictimai qınaq" səviyyəsində tənbehlənir və cəzalandırılır. Lakin həmin fərqləri tam təffərüatı ilə üzə çıxarmaq, onları geniş şəkildə təhlil etmək və bununla da zorakılıq əməllərinin dərinliyini dərk etmək üçün ilk növbədə onun təzahür formalarını aşkar etmək və nəzərdən keçirmək gərəkdir. Bir məsələni də vurğulamaq lazımdır ki, qadınlarla münasibətdə zorakılıq əməlləri qadın cinsindən olan şəxsin hələ körpəlik və uşaqlıq dövründə belə baş verir. Müxtəlif yaş qrupuna aid edilən qız ya da qadının başına gəlmiş zorakılıq aktı,   yaşından asılı olaraq,   onun sağlamlığına çoxtərəfli təsir göstərir. Şübhəsiz, istər qədim zamanlarda, istərsə də müasir şəraitdə ailədə qadına qarşı baş verən zorakılıq əməli diskriminasiya faktıdır.

Ailədə baş vermiş zorakılıq əməlinin cəzasız qalması bir növ ailə münasibətlərində gender davranışının neqativ modelinin formalaşmasını səbəbləndirir və bu model bir norma kimi uşaqlar tərəfindən mənimsənilərək nəsildən-nəslə ötürülür. Kişi cinsinin aqressivliyi, qadının isə passivliyi adi hal kimi qəbul edilir. Bu səciyyəvi cəhətlərin üzə çıxması bir sıra amillərlə bağlıdır. Məsələn, hərdən kişi aqressivliyi haqda danışanda bildirirlər ki, onun bu cəhəti fiziki imkanlarından irəli gələn təbii qanunuyğunluqdur və dəyişməzdir. Bu, məsələnin bir tərəfidir. Digər tərəfi isə onunla bağlıdır ki, qadına münasibətdə təzahür edən aqressiv davranış tərzi   qadının itaətkarcasına susması nəticəsində   vüsət alır və bu səbəbdən də  cinayətkarın hüquq-mühafizə orqanları tərəfindən cəzalandırılması   həmin aqressivliyin daha da inkişaf etməsinə, gələcəkdə daha qəddar münasibətin formalaşmasına gətirib çıxarır". Sabiq millət vəkili qeyd edir ki,  ailədə zorakılığa, xüsusən də onun fiziki formasına məruz qalmış qadının susmasının bir sıra səbəbləri var: "Həmin səbəblərdən biri odur ki, qurban-qadın, qəddar-ərdən can qurtardıqda ailənin dağılmasına görə cəmiyyətin qəzəbinə tuş gələ biləcəyindən, sonradan həmin cəmiyyətin   psixoloji təzyiqinə və bu səbəbdən psixoloji zorakılığa məruz qala biləcəyindən qorxur. Bütövlükdə, ailədə qadınlara qarşı zorakılıq əməlləri dərin tarixi köklərə malikdir.

Ümumiyyətlə, ailə münasibətləri ictimai münasibətlər dəyişdikcə dəyişir. Demək olar ki, dünyanın elə bir ölkəsi yoxdur ki, orada sadaladığımız zorakılıq növlərindən bu və ya digəri mövcud olmasın. Lakin zorakılıq formalarının təzahür etməsində fərqlər vardır. Bu da, təbii ki, ölkələrin inkişaf səviyyəsindən asılıdır. Məsələn, əgər ölkə keçid dövrünü yaşayırsa, deməli,   burada digər formalarla yanaşı iqtisadi zorakılıq halları da geniş vüsət almaqdadır. Psixoloji zorakılığa gəldikdə isə, məlum olmuşdur ki, transformasiya dövrü yaşayan ölkələrdə qadınların böyük əksəriyyəti, ilk növbədə, ailələrində bu cür   zorakılığın müxtəlif növ və dərəcələrinə məruz qalırlar. Qadınların   müəyyən hissəsi bildirir ki, ərləri ilə münasibətdə daim psixoloji təzyiq altında olurlar; onlar   bu səbəbdən özlərinin psixoloji diskomforta düşdüklərini göstərirlər. Gərginlik, gücsüzlük, zəiflik, özünə inamsızlıq, asılılıq kimi hallar həmin vəziyyətə düşən qadınların hissləridir ki, bu da sonradan ailə müstəvisindən kənara çıxaraq ictimai münasibətlər kontekstindən cəmiyyətə transformasiya olunur. Bəzi  qadınlar ərləri tərəfindən müxtəlif formada və fərqli ifadələrlə ("pis qadın", "pis xasiyyət", "bacarıqsız evdar qadın" və s.) təhqir olunduqlarını, ərləri tərəfindən hərəkətlərinə müxtəlif cür qadağaların (qohumlarla görüşməmək, dəbə uyğun geyinməmək, işləməyə icazənin verilməməsi və s.) qoyulduğunu bildirmişlər. 

Seksual zorakılıq növü də, digərləri kimi həm ailədə, həm də cəmiyyətdə baş verir. Ailədə baş verən seksual zorakılıq əməli   çox vaxt cəmiyyətin diqqətindən kənarda qalır. Bunun səbəbləri barədə bir qədər əvvəl qeyd etmişdik. Lakin bu növ zorakılığın təzahür formalarına gəldikdə onu bildirmək istərdik ki, həqiqətən, məlum fizioloji-anatomik keyfiyyətlərə görə kişi qadınla müqayisədə daha çox intim əlaqədə olmaq arzusundadır və bu da, məlum səbəblərə görə qadının həmin ana olan istəyi ilə üst-üstə düşməyə bilər. Belə bir vəziyyətdə baş verən intim əlaqə, yəni qadının istəyinə zidd kişinin onunla seksual əlaqədə olması seksual zorakılıq kimi dəyərləndirilə bilər. Bu hal, müxtəlif fiziki xəsarətlərlə müşahidə olunan intim əlaqədə zorlama hesab edilə   bilər. Məsələn, XX əsrin 90-cı illərinin əvvəlləri Norveçdə bu sahədə aparılan tədqiqatlardan məlum olmuşdur ki, qadınların 25%-i ərləri tərəfindən zorlanmaya məruz qalmışlar. Ailə və cəmiyyətdə qadınlara qarşı törədilən fiziki zorakılıqla bağlı   bəzi məqamları da xüsusilə vurğulamaq lazımdır. Qadınların böyük əksəriyyəti fiziki zorakılığa məhz ərləri tərəfindən məruz qaldıqlarını bildirirlər ki, bu da bir növ ailədaxili məsələ olduğundan cəmiyyətin diqqətindən kənarda qalır və müəyyən mənada danışdığımız problemin görünməyən tərəfi, yəni "aysberqin" su altında qalan hissəsidir.

Ər tərəfindən törədilən fiziki zorakılıq əməli əsasən nigahın birinci on illiyində baş verir. Zənnimizcə, bu onunla izah oluna bilər ki, yenicə nigaha girmiş cütlüyün dayanıqlı ailə qurması məsələsi maneələrsiz, çətinliklərsiz ötüşmür və proseslərin ağır məcrada inkişaf etməsi müəyyən mənada müxtəlif cür zorakılıqların, xüsusilə də onların fiziki formasının təzahür etməsinə səbəb olan psixoloji gərginliyin artması ilə müşayiət olunur. Qadınlara qarşı zorakılıq əməlinin müxtəlif formalarının əlaqəli olması danılmaz   faktdır. Bu fikrin təsdiqini müxtəlif tədqiqatların   nəticələrində də tapmaq olar". Cahangir Hüseynov deyib ki, Azərbaycan Respublikasının qanunverciliyi, xüsusən də qadın hüquq və azadlıqlarının qorunması və təmin olunması ilə bağlı müddəalar   beynəlxalq sənədlərə, konvensiyalara və digər normativ aktlara uyğun tərtib edilib: "Lakin   qadınlara qarşı zorakılığı aradan qaldırmaq üçün ilk növbədə qüvvədə olan qanunların gücündən tam istifadə etmək və milli qanunvericiliyi təkmilləşdirmək, orada mövcud olan boşluqları doldurmaq lazımdır.

Təbii ki, zorakılığa qarşı aparılan mübarizənin uğurlu olması üçün təkcə qanunvericilik yox, həm də operativ və institutsional səviyyədə fəaliyyətin həyata keçirilməsi zəruridir. Ailədə və cəmiyyətdə təşəkkül tapan zorakılıq fərqli səviyyələrdə olmasına baxmayaraq, mənşə etibarilə eynidir. Ona görə ki, cəmiyyətdə qadınlara qarşı diskriminativ münasibət əsrlərlə formalaşmış patriarxal yanaşmanın məntiqi nəticəsidir. Onunla mübarizə aparmaq, qadınlara qarşı baş verən zorakılıqların, haqsızlıqların aradan qaldırılması üçün mütəşəkkil yanaşma və bunun davamı olaraq mütəşəkkil mübarizə üsullarının işlənib hazırlanması və həyata keçirilməsi gərəkdir. Müasir şəraitdə dünyanın müxtəlif bölgələrində və fərqli səviyyələrdə çiçəklənməkdə olan qadınlara qarşı zorakılıq problemi əksər cəmiyyətlərdə elə dərin kök salmışdır ki, onunla mübarizə aparmaq üçün həmin cəmiyyətin bütün təbəqələrinin iştirakı vacibdir. 

Cəmiyyətin müxtəlif sahələrində mövcud olan problemləri, o cümlədən sosial münasibətlərdəki ziddiyyətləri tədqiq edən bir çox nəzəriyyəçilər,   filosof və sosioloqlar bildirirlər ki, cəmiyyətdə, o cümlədən ailədə mövcud problemlə mübarizə aparmaq üçün tədbirlər planlarını özündə ehtiva edən və eyni zamanda, özünün fundamentallığı və konseptuallığı ilə səciyyələnən strateji fəaliyyət proqramını hazırlamaq lazımdır. Bunlara aşağıdakı sahələr daxildir. Hüquqi sahə və sahəyə xas bazanın təkmilləşdirilməsi; institutsional dayaqların inkişaf etdirilməsi; operativ qaydada həyata keçiriləcək fəaliyyət istiqamətləri; tədris və təlim proqramlarının artırılması; cəmiyyətin geniş təbəqələrinin maarifləndirilməsi və məlumatlandırılması. Bütün tədbir və proqramların əsasında isə, fikrimcə, məhz belə bir inam   durmalıdır ki, cəmiyyətin tərkib hissəsini təşkil edən qadınlara qarşı baş verən zorakılıq ilk növbədə insan hüquqlarına hörmət prinsipinin tapdanması deməkdir. Problemə dair müasir yanaşma tərzinə görə, zorakılığı törətmiş insanla yanaşı həmin fakt   barəsində məlumatı olan və buna göz yuman şəxs də məsuliyyət daşıyır.

Dövlət strukturlarının, xüsusilə də hüquq-mühafizə orqanlarının üzərinə düşən öhdəliklərdən biri də ayrı-ayrı şəxslər tərəfindən törədilən zorakılıq hallarının qarşısını almaq, onları araşdırmaq, günahı olan insanları jəzalandırmaq və zərər çəkənlərin müdafiəsini təmin etməkdir". Sabiq millət vəkilinin sözlərinə görə, ailə və cəmiyyətdə qadınlara qarşı baş verən zorakılıq problemi mürəkkəb olması ilə yanaşı həm də kompleks səciyyə daşıyan məsələdir: "Bu səbəbdən də onun həlli yalnız o zaman mümkün ola bilər ki, iştirak edən tərəflər, strukturlar sərf etdikləri bacarıq və potensiallarını səfərbər etsin, əlaqələndirsinlər. Digər tərəfdən isə problemin həlli ilə məşğul olan şəxslər kifayət qədər professional olmalıdırlar və yalnız öz ixtisaslarından irəli gələrək zorakılıqla mübarizə aparmalıdırlar. İxtisaslararası bölgü əsasında yanaşma üsulu bu mübarizədə ona görə gərəkdir ki, həmin problemi həll etmək iqtidarına malik olan cəmiyyətin bütün təbəqələrinin bu prosesdə fəal iştirakı təmin olunsun və müxtəlif ixtisaslı insanlar- filosoflar, psixoloqlar, hüquqşünaslar, sosioloqlar və genderşünaslar konstruktiv təkliflərlə çıxış etsinlər. Eyni zamanda, mübarizədə   həm formal, həm də qeyri-formal, ənənəvi klassik və həm də müasir tələblərə cavab verən üsullar istifadə olunmalıdır. Yuxarıda sadaladığımız şərtlər yerinə yetirildikdən sonra aparılan mübarizədə uğur qazanmaq mümkündür".

Süleyman İsmayılbəyli