PRESSA

Dedim ki, mənə nə belə deputatlıq lazımdır, nə də belə siyasi hakimiyyət

Keçmiş deputat Cahangir Hüseynov: “Bağ evimdə mənə avtomatdan 60 güllə atdılar, 13 yaşlı oğlum, bacımın həyat yoldaşı və sürücü qətlə yetirildi”“Dedim ki, mənə nə belə deputatlıq lazımdır, nə də belə siyasi hakimiyyət”

1990-1995 və 2000-2005-ci illərdə Azərbaycan Milli Məclisinin deputatı olmuş Cahangir Hüseynov “Yeni Müsavat”a müsahibə verib. Müsahibəsində əvvəlcə onu tanımayan oxucular üçün özü haqqında qısa məlumat verdikdən sonra C.Hüseynov olduqca maraqlı açıqlamalarla çıxış edib.

- Mən 1990-1995-ci illərdə Ali Sovetin deputatı olmuşam. Həmin vaxtda da Ağdaş Rayonun Daxili İşlər Şöbəsinin rəisi işləmişəm. 2000-2005-ci illərdə isə Sabirabad rayonundan Milli Məclisin deputatı olmuşam. Həmin müddətdə Milli Məclisin Dövlət quruculuğu və hüquq siyasəti daimi komissiyasının sədr müavini işləmişəm. Hüquq üzrə fəlsəfə doktoruyam. Elmi fəaliyyətimi Elmlər Akademiyasında 2011-ci ilə qədər davam etdirmişəm. Orada İnsan Hüquqları İnstitutunun elmi işlər üzrə direktor müavini işləmişəm. 2011-ci ildə istefa verərək İstanbul şəhərinə köçmüşəm. İstanbulda bizneslə məşğul olan şirkət yaratmışam. Hazırda həm şirkətin işləri ilə məşğulam, həm də Azərbaycanın orta əsrlər tarixinin araşdırılması üzərində işləyirəm, kitab yazıram, elmi işimi İstanbul universitetləri və arxivləri ilə əməkdaşlıq şəraitində davam etdirirəm. İndiyə qədər Azərbaycanın orta əsrlər tarixini tamamilə yanlış təqdim ediblər. İndi də onu Azərbaycanın Tarix İnstitutu açıb ortaya çıxara bilmir. Bu yaxınlarda özümün xidməti və siyasi fəaliyyətimlə bağlı kitab yazıb çap etdirmişəm. O kitabda bütün xidməti və siyasi fəaliyyətim öz əksini tapıb. Ağdaşda, Biləsuvarda, Sabirabadda, Abşeron rayonunda polis rəisi işləmişəm. Atam Hüseyn Hüseynov 30 ildən artıq müxtəlif rayonlarda xalq hakimi işləyib, işlədiyi rayonlarda adı bu gün də hörmətlə anılır. “Yeni Müsavat” qəzetində bir neçə gün öncə keçmiş deputat, YAP-ın qurucularından biri Maksim Musayevin müsahibəsini oxudum. Müsahibəsində mənim kitabımdan fakt olaraq sitatlar verib. Özümə borc bildim ki, sizə zəng edib öz fikirlərimi çatdırım.

- 2005-ci ildə deputatlığa namizədliyinizi vermişdiniz?

- Mən Gədəbəydənəm və namizədliyimi öz doğma rayonumdan vermişdim. Ancaq təəssüf ki, həmin seçki dairəsində seçkilərin nəticələri ləğv olundu və seçki baş tutmadı. Mən də siyasi fəaliyyətdən əl çəkdim. Dedim ki, mənə nə belə deputatlıq lazımdır, nə də belə siyasi hakimiyyət.

- Namizədliyiniz YAP-ın siyahısı ilə verilmişdi?

- Xeyr. Namizədliyimi müstəqil olaraq irəli sürmüşdüm. Mən 18 yaşımdan Kommunist Partiyasının üzvü olmuşam. Dövr bunu tələb edirdi. 1991-ci ildə Kommunist Partiyasının biletini yandırmışam. Ondan sonra heç bir siyasi partiyanın üzvü olmamışam. Bu gün də heç bir partiyanın üzvü deyiləm.

- Ancaq daha çox tanınmış YAP üzvləri ilə yaxın şəxs kimi tanınmısınız...

- Mənim YAP-ın qurucuları ilə əlaqələrim olub. YAP-ın yaranmasında da rolum olub. Rəhmətlik Heydər Əliyevin hakimiyyətə gəlməsi məsələsini Azərbaycanda ilk dəfə mən qaldırmışam. İndi hamı sinəsinə döyür, biri deyir YAP-ı yaradanam, biri deyir “91-lər”dənəm və sair. Ancaq mən tarixi fakt əsasında danışıram. 1992-ci il martın 2-də Ali Sovetin Xocalı faciəsi ilə bağlı fövqəladə sessiyasında çıxış edib dedim ki, Heydər Əliyev Azərbaycanda təcili hakimiyyətə gəlməlidir. Bilirdim ki, Heydər Əliyevin böyük təcrübəsi var. İnanırdım ki, Azərbaycanı o dövrkü ağır vəziyyətdən Heydər Əliyev xilas edə bilər. Ona görə də 2 mart sessiyasında çıxışımda dedim ki, ay yoldaşlar, ay prezident Mütəllibov - o özü sessiyada iştirak edirdi - gəlin, Heydər Əliyevi hakimiyyətə dəvət edək, onun bacarığından istifadə edək. Hətta vurğulamışam ki, bu binanı tikdirən şəxsin nəyə görə bu binada oturmaq hüququ olmasın. Mənim bu çıxışıma qədər Heydər Əliyevin adı nə parlamentdə, nə qəzetdə çəkilmirdi. Heydər Əliyev 1990-cı ildə Moskvadan Bakıya gələndə mən də onu qarşılayanlardan biri idim. Heydər Əliyev aeroporta düşəndə ona sui-qəsd olacaqdı. Rafael Allahverdiyevin sürücüsü onu xilas elədi. Biz orada çox qorxmuşduq. Mən polis rəisi ola-ola Heydər Əliyevi müdafiə eləməkdən çəkinmirdim. Çünki həm onun Azərbaycan üçün lazımlı şəxsiyyət olduğunu bilirdim, həm də Heydər Əliyev tarix fakültəsində atamla bir oxumuşdu.

- Deputat həmkarınız Maksim Musayev indi YAP-ın rəhbərliyində olan deputatlar Əli Əhmədov, Mübariz Qurbanlı, Siyavuş Novruzovun o dövrdə Heydər Əliyevin hakimiyyətə gəlişi üçün çalışmadıqlarını bəyan edib. Maksim Musayev haqlıdırmı?

- Maksim Musayev haqlıdır. 1992-ci ilin dekabrında polis rəisi vəzifəsindən istefa verdim və Milli Məclisin bütün iclaslarında iştirak etmişəm. Maksim Musayevin boz rəngli köhnə “Niva” avtomobili var idi. Milli Məclisə gələndə həmin avtomobil binanın qarşısındaydısa Milli Məclisə ürəklə daxil olurdum. Bilirdim ki, Maksim müəllim buradadır. Adını çəkdiyiniz şəxslər ortada olmayanda Maksim Musayev Milli Məclisdə Heydər Əliyevin hakimiyyətə gəlişi üçün mübarizə aparırdı. Heç kimdən çəkinmirdi. Maksim Musayev Milli Şuranın üzvü idi və orada mübarizə aparmaq elə də asan məsələ deyildi. YAP-ın yaradılmasında Maksim Musayevin müstəsna xidmətləri olub. Gərək tarixi faktları olduğu kimi etiraf edəsən. Heydər Əliyevin hakimiyyətə gəlməsində birinci növbədə parlamentin rolu var. Bunu bilməyən adam savadsızdır. Heydər Əliyev Ali Sovetin sədri olmasaydı hakimiyyətə gələ bilməzdi. Hər bir azərbaycanlının qəlbində ola bilərdi, hər kəs evində ona heykəl də qoya bilərdi, ancaq parlamentdə rəhbərliyə gəlməsəydi ölkə prezidenti ola bilməzdi. O dövrdə isə parlamentdə onun rəhbərliyə gəlişi üçün indi YAP rəhbərliyində adlarını çəkdiyiniz adamlar yox, Maksim Musayev, mən və digər bir sıra deputatlar mübarizə aparırdıq. Bunu YAP-çılar da, “91-lər”də, müsavatçılar, cəbhəçilər də bilməlidir ki, ölkədə hakimiyyətə gəlməyin yolu parlamentdən keçir. Parlamentsiz hakimiyyətə gəlmək mümkün deyil. Mən Maksim müəllimi haqlı hesab edirəm və YAP-ın da rəhbərliyindəki həmin şəxsləri qınayıram ki, ona qarşı çıxışlar etməyə, onun tənqidlərini o cür top-tüfənglə qarşılamağa ehtiyac yoxdur. Azərbaycanda daxili düşmən axtarmaq lazım deyil. O cümlədən kimsə sənin siyasətinə irad tutursa, kimsə müxalifətdədirsə, onu düşmən hesab etmək olmaz. Hər bir adamın özünün siyasi mövqeyi var. Buna görə insanı düşmən elan etmək yanlışdır. YAP-ın yaranmasında da, Ali Sovetdə Heydər Əliyevin rəhbərliyə gəlməsində də Maksim Musayevin əməyi böyükdür. Bunu danmaq insafsızlıqdır. Ali Sovetin sessiyasının çağırılması üçün 135 imza topladıq. Min cür təzyiqə məruz qala-qala zülmlə o imzaları toplamışdıq. Kimin yanına gedirdik, deyirdi məndən uzaq edin. Rəhmətə getdiyi üçün adını çəkmirəm, bir general rütbəlisi var idi, getdim yanına dedim ki, qol çək. Dedi ki, Cahangir, sən Allah məndən uzaq elə. Dedim ki, rəhmətliyin oğlu, burada nə var, nə üçün qorxursan?! Dedi ki, qorxuram vəssalam. Yanından çıxıb gəldim Ali Sovetə. Məlum oldu ki, bu adam Ali Sovetin rəhbərliyinə zəng edib ki, Cahangir Hüseynov sessiyanın çağırılması üçün məndən də imza almaq istəyirdi, imza atmadım. Bunu mənə Ali Sovetin aparat işçiləri çatdırdı. Biz bu cür çətinliklərlə 135 imzanı toplayıb Ali Sovetin rəhbərliyinə təqdim etdik. Üzr istəyirəm, daha deməliyəm, sizin başqanınız İsa Qəmbər o zaman Ali Sovetin sədri idi, Tamerlan Qarayev də müavini idi. Hər ikisi 135 imza ilə daxil olmuş müraciətə baxdılar, fikirləşdilər və dedilər ki, baxarıq, prezidentə məlumat verərik. Məsələni bu şəkildə uzatdılar. Məsələ uzandı-uzandı, bu zaman Surət Hüseynov çıxdı ortaya. Gəncə hadisəsi baş verəndə mən Ali Sovetdə çıxış edib dedim ki, vaxtında sessiyanı çağırsaydınız, nə bu qırğınlar, nə Gəncədə hadisə olmazdı.

- Ali Sovetin sessiyasının çağırılmasını nə üçün istəyirdiniz?

- Biz sessiyada Heydər Əliyevin Ali Sovetə sədr gətirilməsini qoymaq, bunu tələb etmək istəyirdik.

- Heydər Əliyev hakimiyyətə gəldi. Bu gün də onun partiyası və oğlu iqtidardadır. YAP-ın qurucuları olmuş bir sıra şəxslər onlara son illərdəki münasibətdən narazılıq edirlər. Sizə olan münasibətdən razısınız?

- Narazılıqları haqlıdır. Qurultayda 2000 adam iştirak edir. Niyə onların sırasında Siruz Təbrizli, Maksim Musayev, Əli Nağıyev olmasın. Axı YAP-ı yaradanlar bu insanlar olub. Mənim şəxsi anlamda heç bir narazılığım yoxdur. Ona görə ki, Allah insana hansı taleni veribsə, o da olmalıdır. Mənə 1994-cü ilin iyun ayında 60 dənə güllə atıblar, bağ evimdə mənə sui-qəsd həyata keçiriblər. 60 güllədən mən sağ qalmışam. 2 dənə avtomatdan açılan güllə məni darmadağın edib, ancaq sağ qalıb yaşayıramsa, taleyə, alın yazısına inanmalıyam və heç nədən şikayətlənə bilmərəm. Bircə dənə Allahıma gecə-gündüz dua edirəm ki, Allahım, mənim üzərimdə ol. İndi də gəlmişəm İstanbulda rahat, azad yaşayıram.

- Sizi nə üçün güllələmişdilər?

- 1994-cü ildə respublikada çox gərgin vəziyyət idi. Mən də Abşeron rayonunda polis rəisi idim. O zaman “Qardaşlıq” Cəmiyyəti adında bir quldur dəstəsi fəaliyyət göstərirdi. Həmin “Qardaşlıq” Cəmiyyətinin 4 nəfər üzvü iyunun 17-də mənim bağ evimə hücum etdilər, bağda tək idim, məni güllə-barana tutdular. Ağır xəsarət aldım. Mən hospitalda ağır vəziyyətdə yatan zaman həmin adamlara mənim ailəmi qırmaq barədə əmr verilmişdi. Onlar da avqustun 5-də mənim bacımın həyat yoldaşının avtomobilinə silahlı hücum etdilər. Avtomobildə mənim 13 yaşlı oğlum Hüseyn, bacımın həyat yoldaşı, eyni zamanda əmim oğlu Gündüz və sürücü qətlə yetirildi. Mən bir il hospitalda yatdım, Rusiyada, Amerikada müalicə olundum. 1995-ci ilin 10 mayında yenidən Abşeron rayonunda polis rəisi kimi işimə qayıtdım. Cinayətkarlar həbs olunmamışdı. İşə başlayandan iki ay sonra bizə qarşı cinayəti törətmiş 5 nəfəri ələ keçirdim. Onların 4-nə ölüm cəzası, 1-nə isə 13 il həbs cəzası verildi. Mənə qarşı həmin cinayət siyasi fəaliyyətimlə bağlı idi. O dövrdə bilirsiniz ki, Afiyəddin Cəlilovu, Şəmsi Rəhimovu öldürdülər. Abşeronda gündə bir meyit tapılırdı. Vəziyyət bu dərəcədə ciddi idi. Mənim ata-babam Nadir şahın nəslindəndir. Nadir Şahın nəslindən olan insan heç bir çətinlikdən əyilməli deyil. Heç kimə indiyə qədər möhtac olmamışıq. Bundan sonra da Allah qismət etməsin.

- Heydər Əliyevin hakimiyyətə gəlişi üçün çalışan Cahangir Hüseynov nədən YAP-ın üzvü olmayıb?

- Mən heç zaman əqidəmi partiya əqidəsi ilə birləşdirə bilmərəm. Sərbəst insan olmuşam. Həmişə sərbəst olmağı üstün tutmuşam. Məni YAP-a çox dəvət ediblər. Ancaq təşəkkür edib təklifi qəbul eləməmişəm.

- Azərbaycana qayıtmaq fikriniz yoxdur?

- Azərbaycan mənim canımdır. Arada gəlib gedirəm.

- Bir ara məlumat yayıldı ki, sizi hakimiyyət dairələri sıxışdırıb. Ona görə ölkəni tərk etmisiniz...

- Yalandır. Səhhətimlə bağlı problemlər çıxdı. Gəldim müalicəyə və qərarlaşdım ki, burada qalım.

- Azərbaycandakı prezident seçkiləri öncəsi prosesləri izləyirsinizmi? Prosesin sonunu siz necə görürsünüz?

- Əlbəttə izləyirəm. Buradan hər kəsə müraciət edirəm ki, gəlin ilk növbədə işğal altındakı torpaqlarımızın azad edilməsi üçün birləşək. Dünyanın ən böyük sərkərdələrindən biri mənim ulu babam Nadir şah olub. Var-dövləti, hakimiyyəti kimə qaldı? Hər şey dağıldı, özünə qəsd olundu, öldürüldü. Var-dövlət, vəzifə müvəqqətidir. Birinci məqsəd və vəzifə qoyulmalıdır ki, prezident olacaq insan öncə 7 rayonu azad eləməlidir. Bu məsələ önə çıxarılmalıdır. Yoxsa ki, indi biri öz ailəsini, qohumlarını başına yığıb korrupsiya ilə məşğuldur, biri başqa bir sahəni inhisara alıb... Bəsdirin də! Neyləyəcəksiniz bu qədər varidatı, hara aparacaqsınız?! Nadir şah Hindistanın bütün ləl-cəvahiratını minlərlə dəvə ilə İrana daşıtdırıb qala tikdirib yığdırdı içinə. Heç üstündən 10 il keçmədi sui-qəsd edib öldürdülər. Nəyə lazımdır çox var-dövlət, nəyə lazımdır vəzifə hərisliyi?! Vallah boş şeylərdir.
Son olaraq 28 May Cümhuriyyət Bayramına toxunmaq istərdim. Bu, Azərbaycanın ən böyük, ən şərəfli bayramıdır. 1918-ci ildə müsavatçılar Azərbaycan Demokratik Respublikasını yaratmasaydılar inanın ki, bu gün yer üzündə Azərbaycan adında dövlət olmayacaqdı. Buna görə biz Azərbaycan Demokratik Respublikasının qurucularının xatirəsini daim əziz tutmalıyıq, onları şükranlıqla yad etməliyik. Bütün xalqımız bilməlidir ki, bugünkü müstəqil Azərbaycan dövləti 1918-ci il 28 mayda yaranan Müsavat respublikasının davamıdır. Mən bütün xalqımızı bu böyük bayram münasibətilə təbrik edirəm.