Azərbaycanın bir nömrəli problemi olan Dağlıq Qarabağ münaqişəsi, onun həlli yolları, eləcə də bu münaqişə nəticəsində 1 milyona yaxın qaçqın və məcburi köçkünün öz yurd-yuvalarından didərgin düşərək çətin şərtlər altında yaşaması, bunun çıxış yolları zaman-zaman Milli Məclisdə müzakirə mövzusu olub. Demək olar ki, parlamentin hər bir iclasında diqqət yetirilən bu məsələlərlə bağlı hətta ümummilli lider Heydər Əliyevin iştirakı ilə 2001-ci ildə qanunverici orqanda siyasi partiya rəhbərləri və ictimaiyyət nümayəndələrinin iştirakı ilə iclas da keçirilib. İstər Dağlıq Qarabağ problemi, istərsə də qaçqın və məcburi köçkünlərin ağır həyat şəraiti barədə müntəzəm olaraq parlamentdə məsələ qaldıran, bu istiqamətdə təkliflər verən millət vəkillərindən biri də Cahangir Hüseynov olub. Deputat kimi fəaliyyət göstərdiyi illərdə qanunverici orqanda qeyd edilən məsələlər ətrafında parlamentdə aparılan müzakirələr, qaldırılan təkliflər barədə sabiq millət vəkili, beynəlxalq hüquq üzrə mütəxəssis, hüquqşünas alimi, Qarabağ müharibəsi veteranı, tədqiqatçı alim Cahangir Hüseynovla söhbətləşdik. Cahangir Hüseynov “OLAYLAR”-a verdiyi müsahibədə beynəlxalq təşkilatların Qarabağ probleminə olan biganəliyindən də danışıb.
-Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı beynəlxalq birlik kifayət qədər məlumatlandırılıbmı və dünya birliyinin bu məsələyə mövqeyi necədir?
-25 ildən artıqdır ki, ermənilər torpaqlarımızı qəsb ediblər. Bu günə kimi 30 minə yaxın şəhid verilib, 100 milyardlarla manat dəyərində Azərbaycana ziyan vurulub, 1 milyona yaxın soydaşımız qaçqın və məcburi köçkünə çevrilib. Onların ev-eşikləri və bütün kommunikasiya xəttləri dağıdılıb. Tarixi mədəniyyət abidələrimiz məhv edilib. Meşələrimiz viran olunub. Su hövzələrimiz bu günə qədər tullantılarla zəhərlənir. Qızıl yataqlarımız, mineral sularımız istismar olunub. Hətta
Ermənistan Metsamor Atom Elektrik Stansiyasının tullantılarını bizim torpaqlarda basdırmaqla yüz illərə qədər Azərbaycanın ekologiyasına, fauna, florasına ziyan vurulub. Həmçinin, 22 ildir ki atəşkəs müqaviləsi bağlanmasına baxmayaraq, demək olar ki, hər gün erməni təxribatçıları atəşkəs rejimini pozmaqla iki mindən yuxarı əsgərimiz, onlarla mülki vətəndaşımızın həyatlarına qəsd edilib, yüzlərlə insanın səhhətinə, əmlakına ziyan vurulub. Bu 25 il ərzində Ulu Öndərimiz Heydər Əliyev və cənab prezidentimiz İlham Əliyev dünyanın müxtəlif ölkələrində görüşlər keçirib, diplomatik danışıqlar aparıb, beynəlxalq təşkilatlarda haqlı mövqeyimizi səsləndiriblər. Bir müddət əvvəl ABŞ da keçirilən Nuvə Təhlükəsizliyi Sammitində cənab prezidentin bütün görüşlərində bu problemi qaldırılıb. Həmçinin həftə sonu İstanbulda İslam Əməkdaşlıq konfransında da Prezidentimiz bu məsələ ilə bağlı bir daha konfrans iştirakçılarına ətraflı məlumat verib. Hətta qardaşTürkiyə Respublikasının prezidenti cənab Rəcəb Tayyib Ərdoğan və baş nazir Əhməd Davudoğlu da dəfələrlə beynəlxalq təşkilatlarda Qarabağ məsələsi barədə öz mövqelərini ortaya qoyub, hər zaman Azərbaycanın yanında olacaqlarını bəyan ediblər. Dünya ölkələrinin təzyiqinə baxmayaraq, Türkiyə Respublikasının Ermənistanla sərhədləri bu gün də bağladır və qardaş ölkə işğal altında olan ərazilər azad edilməyənə qədər Ermənistanla sərhədləri açmayacağını açıq şəkildə bəyan edib. Cənab prezidentimizin apardığı məqsədyönlü siyasət nəticəsində bu gün dünya ölkələrinin əksəriyyəti Azərbaycanın ərazi bütövlüyünü tanıyır və onu dəstəkləyirlər.
-Bəs ermənilərin Azərbaycana qarşı həyata keçirdiyi cinayət əməllərini sübuta yetirmək, onların layiq olduqları cəzanı ala bilmələri üçün beynəlxalq müstəvidə hansı işləri görməliyik?
-Ermənilərin törətdiyi cinayət əməlləri barəsində bu günə qədər hüquq müstəvisində demək olar ki, biz heç nəyə nail ola bilməmişik. Respublikamızda cinayətkarlığa qarşı mübarizə prokurorluq orqanlarına həvalə edilib. Azərbaycan Cinayət Məcəlləsində də dövlət hakimiyyəti əleyhinə olan cinayətlər, hərbi cinayətlər, insan həyatına və sağlamlığına qarşı olan cinayətlər cinayət prosesSual məcəlləsinə uyğun olaraq prokurorluq orqanlarına aid edilİB. Hazirda respublikamızın Prokurorluq orqanlarında 3 mindən artıq səriştəli hüquqşünaslar çalışır. Onlar respublikanın bütün imtiyazlarından səmərəli şəkildə bəhrələnirlər. Bəs bu illər ərzində Respublika Prokurorluğu ermənilərin törətdiyi cinayət əməlləri ilə bağlı hansı cinayət işini açıb və onu tamamlaya bilib? Dəqiq deyə bilərəm ki, heç birini. Təkcə bir məqama diqqət yetirmək istəyirəm. Nə üçün Xocalıda ermənilər tərəfindən yüzlərlə insanın qətlə yetirilməsi barədə qaldırılan cinayət işi,
onun nəticələri barədə respublika ictimaiyyətinə məlumat verilmir? Hadisə Azərbaycan ərazisində baş verib və onu da törədənlər Azərbaycan ərazisində yaşayan ermənilər olub. Bəs nə üçün bu istiqamətdə ciddi addımlar atılıb nəticə əldə edilmir? Məgər bunun da istintaqını ATƏT, Avropa Məhkəməsi, İnterpol və ya Ermənistan hüquq-mühafizə orqanları aparmalıdır? Həmin işin istintaqının aparılması birbaşa Respublika Prokurorluğunun səlahiyyətində olan məsələdir. Hər hansı bir xırda cinayətə görə aylarla, bəzən isə illərlə istintaq aparan Respublika Prokurorluğu nə üçün ermənilərin cinayət əməlləri ilə bağlı bir hadisənin belə istintaqını apara bilmir. Yaxud 1991-ci ilin noyabr ayında baş verən vertolyot qəzası. Həmin hadisə ilə bağlı Respublika Prokurorluğu nə iş görüb?. Ortada bir dənə də fakt yoxdur. Cinayət işi başlandı, sonradan isə arxivə verildi. Axı belə olmaz. Və ya ermənilər tərəfindən Bakıda metro nəqliyyatında, avtobuslarda və s. törədilən onlarla terror aktlarını qeyd edə bilərəm. Nəyə görə Serj Sərkisyan, Robert Köçəryan, eləcə də digər erməni cinayətkarları bu günə qədər İnterpola verilməyib?. Onları tutub gətirmək mümkün olmasa da, lakin bununla nüfuzlarına ciddi zərbə vurula bilərdi. Respublika Prokurorluğunun ermənilərlə bağlı apardığı cinayət işlərindən hansı biri Haaqa Məhkəməsi, Avropa İnsan Hüquqları Məhkəməsi və ya digər instansiyalara göndərilib. Lap elə aprelin əvvəllərində təmas xəttində baş verən hadisələrə diqqət edək. Məlumdur ki, aprelin ilk günlərində baş verən erməni təxribatı nəticəsində onlarla şəhid verdik, yüzlərlə ev, iaşə obyekti və ictimai bina ermənilərin artileriya zərbələrindən yararsız vəziyyətə düşdü. Mülki əhalimizdən də zərər çəkənlər oldu. Bəs nə üçün hadisə yerlərinə Baş Prokurorluğun əməkdaşları getmir? Mənim xatirimdədir ki, 1991-ci ildə parlamentdə Respublika Prokurorluğunun əməkdaşı Şükür Rzayevin Xankəndində əsir götürüldüyü bildirildi. Dərhal o zaman Respublika Prokuroru olan mərhum İsmət Qayıbov parlamentdə yerindən qalxdı və məsələni araşdırmaq üçün Xankəndinə gedəcəyini bildirdi. Mən ona mane olub Əməliyyat İstintaq Qrupunun hadisə yerinə getməsini təklif etsəm də, İsmət Qayıbov buna qəti etiraz edərək hadisə yerinə özünün getməli olduğunu bildirdi. Dediyim odur ki, nə üçün bu gün Prokurorluq işçilərindən bir nəfəri belə olsun hadisə yerində yoxdur. Hətta heç bir istintaq işi də aparılmır. Sanki hesab edirik ki, ermənilərə bəraət qazandırmalıyıq. Məgər bunu gəlib ATƏT-in Minsk qrupu etməlidir? Həmsədrlərin işi yalnız ondan ibarətdir ki, hansısa yolla status-kvonu saxlasınlar. Nəticə etibarilə ermənilər Azərbaycan torpaqlarında tamamilə oturuşub bura sahib çıxsınlar. Artıq bəsdir. Beynəlxalq hüquq məsələləri üzrə ekspert, uzun illər istintaq-əməliyyat sahəsində işləmiş, tətqiqatçı-alim, hüquqşünas kimi hesab edirəm ki, Respublika Prokurorluğu bu barədə sözünü deməlidir. Yalnız kabinetlərdə oturmaqla hadisələri televiziyalardan izləməli deyillər. Prokurorluq işçilərinin xidmət keçmək haqqında əsasnaməsini 2001-ci ilin iyun ayında Milli Məclisə mən təqdim etmişəm. O zaman, Zakir Qaralov məndən xahiş etdi ki, həmin sənədi birinci oxunuşda müzakirəyə çıxararaq qəbul edək ki, Qarabağdakı hadisələrlə daha ciddi məşğul ola bilək. Amma əslində həmin qanun Milli Məclisin daxili nizamnaməsinə əsasən, 3 oxunuşda, 6 ay müddətində qəbul olunmalı idi. Qanunda hər maddə ayrı-ayrılıqda müzakirə olunub, səsə qoyulmalı idi. Bu qanunda prokurorluq işçilərinin sosial müdafiəsi, maddi təminatı əksini tapırdı. Xüsusilə, 33 maddədən ibarət həmin əsasnamə onlara geniş hüquqlar və səlahiyyətlər verirdi. Həmin əsasnamədə prokurorluq işçilərinə çox yüksək statuslar verilməklə yanaşı, onların əmək haqqları da bütün icra strukturundan hətta məhkəmə hakimiyyətinin və Milli Məclisin deputatlarının əmək haqqlarından artıq əmək haqqı nəzərdə tutulurdu. Mən də Milli Məclisin deputatlarından xahiş etdim ki, ilk oxunuşla bu qanunu qəbul, prokurorluq orqanları geniş səlahiyyətlər və imtiyazlara sahib olsunlar, onlar da Dağlıq Qarabağda törədilən erməni cinayətlərinin istintaqını daha operativ apara bilsinlər. Lakin onlar nə etdilər?! Qarabağ probleminin həlli istiqamətində hansı işlər gördülər?! Aradan 15 il keçsə də, Respublika Prokurorluğu Qarabağla əlaqədar heç bir iş görməyib. Prokurorluq orqanları yalnız xırda cinayət işlərini aparmaqla məşğuldurlar. “Günəşli” yatağında baş verən hadisə, Beynəlxalq Bankdakı maliyyə fırıldaqları, Milli Təhlükəsizlik Nazirliyində olan biabırçılıqlar, binalara üzlüklərinin vurulması ilə bağlı məsələlərdən hansı birinin üstü açılıb? Həmçinin Hava Hücumundan Müdafiə Qüvvələrinin komandanı Rail Rzayevin, jurnalist Elmar Hüseynovun qətli, Neft Akademiyasında törədilən qanlı hadisə barədə bu günə qədər də respublika ictimaiyyətinə geniş məlumatlar verilməyib. Son zamanlar respublika iqtisadiyyatında böyük çətinliklər yaşanmaqdadır. Bunun isə əsas səbəbi, respublikada yaranmış mənzil tikinti kooperativləri və onlarla əlbir olan özəl bank sektorlarının fəaliyyətidir. Həmin dairələr ölkədə bütün əməliyyatları xarici valyuta əməliyyatları ilə (dollar) aparmaqla və digər korrupsiya cinayətləri etməklə ölkə iqtisadiyyatına böyük ziyan vurdular. Bu hadisələrin qarşısı vaxtında Baş Prokurorluq tərəfindən alınmalı idi. Nə üçün milyardlarda dollar vəsait Beynəlxalq Bank vasitəsilə respublikadan kənara çıxarılıb mənimsənilməlidir? Məgər prokurorluq işçiləri bunun istintaqını aparıb həmin milyardlarla dollar vəsaiti ölkəyə qaytara biləcəklər? Təbii ki, yox. Məgər prokurorluq işçiləri vaxtında bu cür xoşagəlməz halların qarşısını ala bilməzdilərmi? Axı bu, onların vəzifə borclarıdır.
-Cahangir müəllim, bəs siz problemin həlli yolunda nə təklif edirsiniz?
-Təbii ki, Dağlıq Qarabağ probleminin müharibə və ya bir danışıqlar yolu ilə həll etməyin mümkün olmadığını bu 25 ildə anladıq. Hesab edirəm ki, bu sahədə Milli Məclis, Respublikanın bütün hüquq-mühafizə orqanları, elm-təhsil ocaqları, qeyri-hökumət və ictimai təşkilatları bir yerdə mübarizə aparmalıdırlar. Yalnız müəyyən diaspor təşkilatlarına arxayın olmuşuq ki, həmin diaspor təşkilatları bu hadisələri xarici ölkələrə çatdıracaqlar. Təkcə bunlarla işlər yekunlaşa bilməz. Dünyanın 80-ə yaxın ölkəsində xarici səfirliklərimiz fəaliyyət göstərir. Təbii ki, səfirliklər Qarabağ hadisələri ilə bağlı çox ciddi işlər görməlidir. 1994-cü ildə Bişkek şəhərində atəşkəs müqaviləsi bağlandıqdan sonra tərəflər belə bir razılığa gəldilər ki, status-kvo saxlanılmaqla atəşkəs dayandırılır. Və az bir zaman ərzində ATƏT-in Minsk qrupunun - ABŞ, Fransa, Rusiya həmsədrlərinin iştirakı ilə bu münaqişənin həlli yolları tapılmalıdır. Lakin təəssüflər olsun ki, bu 22 il ərzində ATƏT-in həmsədrləri heç bir şeyə nail olmadılar. İki mindən yuxarı şəhid verdik. Və hər gün demək olar ki, ermənilər atəşkəsə əməl etməyərək, Azərbaycan ərazisində də təxribatları davam etdirirlər. Son zamanlar hətta sülhməramlı hərbi birləşmələrin də Dağlıq Qarabağ ərazisində yerləşdirmək təklifləri verilir. Əlbəttə, Rusiyanın sülhməramlılarının Azərbaycan ərazisində yerləşdirilməsi tamamilə yolverilməzdir. 1990-cı ilin əvvəlində Dağlıq Qarabağda gedən hadisələri biz unutmamışıq. Həmin hadisələrin çoxu rus qoşunlarının köməyi ilə ermənilər tərəfindən törədilmişdi. Ümumiyyətlə, hesab edirəm ki, ATƏT in Minsk qrupunun tərkibinə yenidən baxılmalıdır. Ora həm Almaniya, həm Türkiyə, həm də digər bitərəf ölkələrin nümayəndələrinin salınması təklifi verilə bilər. Vurğuladığım kimi bütün sahələrdə ermənilər ilə biz mübarizə aparmağı bacarmalıyıq. İlk növbədə, hüquq müstəvisində. Belə ki, atəşkəs rejimi dövründə erməni təxribatçılarının törətdikləri təxribatlar Respublika pPokurorluğunun istintaq orqanları tərəfindən araşdırılmalı və bu məsələ Milli Məclisin gündəliyinə salınmalıdır. Həmçinin Avropa İnsan Haqqları Məhkəməsinə, Haaqa Məhkəməsində Azərbaycana qarşı törədilən bu genosid cinayəti qaldırılmalıdır və bu sahədə ciddi mübarizə aparılmalıdır. Bütün dünya ölkələrinin parlamentlərinə, dövlət və ictimai təşkilatlara ermənilərin cinayət əməlləri çatdırılmalıdır. Necə ola bilər ki, Dağlıq Qarabağa aid olmayan 7 rayonumuz bu günə qədər işğal altındadır. Əlbəttə, silahlı qüvvələrimiz son illər xeyli maddi-texniki cəhətdən gücləndirilib. Bu təqdirəlayiqdir. Lakin səfərbərlik barədə hələ çox iş görülməlidir. Nəyə görə, imkanlı, vəzifəli insanların övladları orduda xidmət etməməlidir?! Düşünürəm ki, çağırış yaşı artırılmalıdır. Ön cəbhədə peşəkar döyüşçülər dayanmalıdır. Mülki müdafiə sahəsində də sərhəd bölgələrinin əhalisi təlimatlandırılmalıdır. Belə olan halda ordumuz daha da güclü olar. Lakin mən bir daha vurğulayıram ki, biz ya müharibə yolu ilə torpaqlarımızı azad etməliyik, ya da yuxarıda qeyd etdiyim kimi bütün diplomatik, beynəlxalq hüquq müstəvisində öz ərazi toxunulmazlığı prinsipimizi təmin etməliyik. Bu istiqamətdə son zamanlar AVCİYA təşkilatının apardığı petisiya çox təqdirəlayiq bir haldır.
-Sizə elə gəlmirmi ki, başımıza gətirilən müsibətlər, terror və soyqırımların dünyaya çatdırılmasında bir qədər aktiv deyilik?
-Ermənilər 100 il bundan əvvəl baş vermiş bir hadisəni yalançı soyqırım kimi qələmə verərək dünyanın bir çox ölkələrində onu tanıda bildikləri halda, Azərbaycan yaxın tarixdə, real həyatda baş verən erməni cinayətlərini beynəlxalq aləmə çatdıra bilmir. Bəzən ikili standartlardan gileylənir, Avropanın xristian klubu olduğunu bildiririk. Bəs elədirsə nə üçün müsəlman əhalisi olan Bosniyada törədilən cinayətlər Haaqa Məhkəməsinə çıxarıldı, Serbiyanın prezidenti – Slobadan Miloşeviç və başqaları Haaqa Məhkəməsinə verildi. Bu cinayətdə əli olanlar qandallandı, onlara ömürlük cəza kəsildi. Elə olan halda nə üçün Xocalıda törədilən vəhşiliklərə görə bir nəfər cinayət məsuliyyətinə cəlb edilmədi? Əgər ermənilərə təzyiq edə bilmiriksə, onlar bizim bir qarış belə torpağımızı qaytarmayacaqlar. 1992 ci ildə Xocalı hadisələrində telejurnalist mərhum Çingiz Mustafayevin çəkdiyi kadrların hesabına biz Xocalı hadisəsini dünyada tanıda bilərik.
-Avropa ölkələri və Türkiyədə törədilən terror aktlarından sonra Azərbaycanda da belə bir qanlı hadisənin həyata keçiriləcəyi barədə ehtimallar səslənir. Sizcə, Azərbaycanı belə bir təhlükə gözləyirmi?
-Bir sıra xarici dövlətlərin Azərbaycan ərazisində terror törətmək ehtimalları böyükdür. Son aylar Türkiyədə, Avropa ölkələrində törədilən terror hadisələrindən biz özümüzü sığortalamalıyıq. Azərbaycanda daxili işlər orqanları, fövqəladə hallar, xüsusi xidmət və əks kəşfiyyat orqanları, sərhəd qoşunları çox ciddi şəkildə belə hadisələrin baş verməməsi üçün tədbirlər görməlidir. Mühüm əhəmiyyətli dövlət qulluğunda çalışan insanların mənfur qonşularımız ilə qohumluq və yaxın dostluq əlaqələri ciddi araşdırılmalı və belə halların qarşısı alınmalıdır.
-Cahangir müəllim, siz tarixi araşdırmalar da aparırsınız. Sizcə, Erməni Azərbaycan münaqişələrinin kökündə nə durur?
-Bu müharibələrin də arxasında Rusiyanın müəyyən dairələri durur. Rusiya həmişə Qafqazda XVIII əsrdən başlayaraq, ermənilərdən istifadə edərək, burada müharibə ocaqları yaradıb, osmanlılara, Səfəvi dövlətinə qarşı müharibələr edib, bununla da böyük türk imperiyalarını zəiflətmək istəyib. XX əsrin əvvəlində də, birinci dünya müharibəsində erməniləri qızışdırıb, həm Anadoluda, həm Azərbaycan ərazisində kütləvi qətliamlar törədiblər. XVIII əsrdə Osmanlı imperiyası ilə bərabər Azərbaycan Nadir Əfşar dövləti ( bu iki imperiya) cənubda Rusiya və Antanta dövlətləri üçün böyük təhlükə yaradırdı. 1747-ci ildə Nadir şah qətlə yetirilməklə Əfşar imperiyası dağıldı və Azərbaycanın ərazisi 20-dən yuxarı xanlıqlara bölündü. XIX əsrin əvvələrində isə Çar Rusiyası Şimali Azərbaycanı zəbt etdi. Tezliklə İranda da türksoylu hakimiyyətə son qoyuldu və rusların dəstəyi ilə Pəhləvi rejimi hakimiyyətə gətirildi. 1905 – 1911 ci illərdə Cənubi Azərbaycanda Səttar xanın başçılığı ilə Milli Azadlıq Hərakatı başlandı. Həmin dövrdə Çar Rusiyası tərəfindən ermənilərin köməyi ilə bu hərəkat yatırıldı. Səttar xanın və onun yaxın silahdaşları daşnaq erməni Refeyenin başçılığı ilə qətlə yetirildilər. Birinci dünya müharibəsindən sonra Şeyx Məhəmməd Xiyabaninin başçılığı ilə yenidən Cənubi Azərbaycanda Milli Azadlıq Hərakatı başlanıldı. Həmin dövrlərdə də erməni daşnaqları 1918-ci ildə Şimali və Cənubi Azərbaycanda xeyli soyqırımlar törətdilər. Yenə də rusların dəstəyi ilə 1921-ci ildə sentyabr ayında həmin milli azadlıq hərakatı da yatırıldı. 1918-ci ildə Şərqdə ilk demokratik respublika olan Azərbaycan Demokratik Cümhuriyyəti yenə də daşnaq bolşevik ermənilərin köməyi ilə ruslar tərəfindən devrildi və bolşevik sovet respublikası yaradıldı. Şimali Azərbaycanda sovet üsul idarəsi əsrlər boyu formalaşmış səcərə adət ənənələrini ləğv etdilər, kütləvi kollektivləşmə aparıb, insanları torpaq və mülkiyyətlərindən məhrum etdilər. XVII-XVIII əsrlərdə Azərbaycan Səfəvilər və Nadir Əfşar Dövlətinin ərazisi 5 milyon kvadrat kilometrdən artıq olmuşdu. 1923-cü ildə Zəngəzur, Borçalı, Göyçə, Dərbənd əraziləri Azərbaycan Respublikasının ərazisindən alınaraq, Ermənistan Gürcüstan və Rusiyaya daxil edildi. Və 1923-cü ildə Dağlı Qarabağ Muxtar Vilayəti yardılmaqla Azərbaycan Respublikasının tərkibində bu gün böyük bir problem yaratmış oldular. Ikinci dünya müharibəsi dövründə Stalin, Belya, Mikoyan üçlüyü PriBaltika Respublikalarını, Qərbi Ukrayna, Moldova və hətta uzaq şərqdəki Yapon, Çin torpaqlarını öz ərazilərinə qatsa da, Cənubi Azərbaycanda Seyid Cəfər Pişəvərinin başçılığı ilə yaradılmış hökumət Cənubi Azərbaycan torpaqlarının Şimali Azərbaycan ilə birləşdirilməsinə imkan vermədilər və Seyid Cəfər Pişəvəri hərəkati da 1946 cı ildə ruslar tərəfindən məğlubiyyətə uğradıldı. Bu gün də dünyada analoqu olmayan otuz milyona yaxın soydaşımız Cənubi Azərbaycanda heç bir hüquqları tanınmamaqla yaşamaqdadırlar. Azərbaycanın bu böyük dərdi dünya səviyyəsinə qaldırılmalıdır. 80 min əhalisi olmayan, bütün vilayət hüquqları ilə təmin olunan Dağlıq Qarabağ ermənilərinin 25 ildən artıq apardıqları bu yersiz seperatçı mübarizə bizim hər bir azərbaycanlı, şimallı cənublu vətəndaşlarımız üçün məktəb olmalıdır. 20 yanvar faiciəsini də bunların sirasına daxil etmək olar. Həmin faciə də ruslarin fitnəsi ilə ermənilərin əli ilə törədildi. Yəni, bu tarix artıq bizə aydındır. Bunlardan biz dərs alıb, gələcəkdə belə hadisələrin təkrarlanmaması üçün daha diplomatik siyasət yeritməliyik. Bu gün Rusiyanın dünyada apardığı siyasət artıq hər kəsə bəllidir. Hətta Şərqi Avropa ölkələri, keçmiş Sovet pribaltika respublikaları, Ukrayna, Gürcüstan, hətta bu son hadisələrdən sonra Ermənistan da Rusiyanın siyasətini anlayır və başa düşürlər. Heç bir zaman şimal qonşumuz Cənubi Qafqazda güclü bir türk dövlətinin olmasını istəmir. Türkün gücü və qüdrəti böyükdür! Bu gün dünyada 7 türk dövlətinin birliyi bir daha özünü bu son hadisələrdə göstərdi. Dünyada mövcud olan böyük dövlətlər ilə bizim haqq işimizi müdafiə edirlər. Lakin bir daha vurğulayıram, biz diplomatiyanı daha da inkişaf etdirib, Cənubi Qafqazda sülhü bərqərar etməliyik. Mən əminəm ki, möhtərəm Prezidentimiz İlham Əliyevin apardığı məqsədyönlü siyasətinin nəticəsində biz buna tezliklə nail olacağıq. Cənab Prezidentimiz İlham Əliyev 2013-cü ildə Ankarada səsləndirdiyi “XXI əsr türk əsridir!” kəlamı hər bir türk dövlətləri üçün bir şüar olmalıdır.
-Cahangir müəllim, günümüzdə İslam dünyasında gedən proseslər və müxtəlif ölkələrdə törədilən terror hadisələri haqqında nə deyə bilərsiniz?
-XX əsrdə dünyada iki sistem arasında mübarizə mövcud idi. Kapitalizm (bazar iqtisadiyyatı), sosializm (planlı iqtisadiyyat). Bu iki sistem keçən əsrin 20-ci illərindən əsrin sonuna kimi davam etdi. Ikinci dünya müharibəsi, Varşava müqaviləsi ölkələri, NATO və digər hərbi ittifaqlar yaranmaqla, soyuq müharibə illərində bu, daha da kəskinləşdi. Dünyanın üçdə bir hissəsində sosializm ideologiyası öz təsirini şəxsi mülkiyyəti ləğv etmək, dinsizlik, planlı iqtisadiyyat yaradıb insan təfəkkürünün inkişafına mane olmaqla bəşəriyyətin təkamülünə çox böyük ziyan vurdu. Həm SSRİ-də, həm Şərqi Avropa, Çin, Monqolustan, Şimali Afrika, ərəb ölkələrində, həm də Amerikada Kubanın timsalında bunları göstərmək olar. Kuba inqilabı adı ilə soyuq müharibəyə dünyanı sürükləyən SSRİ bugünki Kubanın timsalında heç nəyə nail ola bilmədi. Amerika qitəsində öz iqtisadiyyatı ilə ən geridə qalan ölkə olan Kuba yenidən Amerikaya və bazar iqtisadiyyatına keçməklə özünün yenicə qurtuluş yolunu tapmağa çalışır. Bu gün də rus dövləti həmin ideologiyadan və nostalgiya hisslərindən əl çəkə bilmir. Yenə də cahillikdən savadsızlıqdan, avtoritar rejimdən əziyyət çəkən dövlətlərdə öz sovet ideologiyaları və sistemlərinə uyğun olaraq, oradakı dini qurumlar, məzhəb ayrılığı və başqa siyasi amillərdən istiafdə edərək, millətlər arasında müharibələr yaratmaqla məşğuldur. İstər ərəb ölkələrində, istərsə də Türkiyədə PKK kimi terror təşkilatlarının yaranmasında vurğuladığımız sosialist rus sisteminin rolu hamıya məlumdur. Dünyada silah satışı və istehsalına görə fərqlənən Rusiya demək olar ki, həmin dövlətlərin daxilindəki qurumları qanuni və ya qanunsuz yollarla silahla təmin edir. Həmçinin həmin ərazidə olan avtoritar rejimləri müdafiə etməklə, İraq, Suriya, Liviyada öz totalitar sovet rejiminin yenidən cücərəcəyinə və inkişaf edəcəyinə əmin olmaqla bu savaş ocaqlarını yaradır və qıcıqlandırırlar. 70-ci illərdə Vyetnam, 80-cı illərdə Əfqanıstana, bu gün də Suriya, İraq, hətta Krıma girərək, Donbasda və Loqanskda böyük müharibə ocaqları yaratmaqla bəşəriyyətin inkişafına mane olmağa çalışır. Müxtəlif bəhanələr ilə Amerika, Avropa, indi isə Türkiyə və başqa dövlətlərlə soyuq müharibələri qızışdırmaqla həm öz millətlərinə, həm də onların yolu ilə gedən dövlət və millətlərə böyük mənəvi, maddi, siyasi zərbələr vurmaqda davam edir.
-Məlum olduğu kimi Cənab Prezident 2016 ci il “Multikulturalizm ili” elan edib. Bunu necə dəyərləndirirsiniz?
-Azərbaycan tolerant bir dövlətdir. Azərbaycan ərazisində bir sıra xalqlar, müxtəlif dinə mənsub olan insanlar uzun illər bir yerdə yaşamış, bu gün də yaşamaqdadırlar. Heç bir zaman Azərbaycan ərazisində dini milli ayrıseçkilik olmayıb. Bir daha vurğulayıram ki, erməni milləti əsrlər boyu yaşadıqları ərazilərdə heç bir başqa millət və dinlə uyğun gəlməyib, bunun da bəlalarını elə bu gün özləri çəkirlər. Bircə onu demək kifayətdir ki, bu gün Ermənistan ərazisində bir dənə də olsun başqa dövlətin, millətin nümayəndəsi qalmayıb. Ermənilər yüz minlərlə azərbaycanlı əhali ilə yanaşı xristian dininə mənsub olan rusları, gürcüləri, ukraynalıları da öz ərazilərindən kənarlaşdırıblar. Bu erməni xislətidir. Onun acı nəticələri də onlara dərs olmur. Azərbaycan ərazisində yaşayan bütün millətlər və dinlər üçünsə heç bir ayrıseçkilik qoyulmayıb. Məhz buna görə, cənab Prezident İlham Əliyev 2016-cı ili “Multikulturalizm ili” elan etməklə, bir daha dünyaya bəyan etdi ki, bizim respublikamızda yaşayan bütün millətlər və dinlər bərabərdirlər. Bir o faktı deyə bilərəm ki, Azərbaycan Respublikasında 30 mindən yuxarı erməni millətinə mənsub olan insanlar bu gün də yaşayırlar.
-Bəs İslam ölkələrini bürüyən bu problemləri necə aradan qaldırmaq olar?
-İslam dini dünya dinləri arasında ən sonuncu və ən mütərəqqi dindir. Sonuncu Peyğəmbər Məhəmməd tərəfindən əsası qoyulmuş bu din dünya sivilizasiyası, mədəniyyəti, dünya ictimaiyyətinə əvəzolunmaz böyük töhfələr verib. Lakin dini bilməməzlik, dinin inkişafının qarşısının alınması bu gün İslam dinində müxtəlif neqativ hadisələrin əmələ gəlməsinə səbəb olub. Savadsızlıq, dünya elmlərini öyrənməmək, cahillikdə qalmaq, bəzi dövlətlərin siyasəti olub ki, bunun da ağır nəticələri XXI əsrdə özünü göstərməkdədir. Belə ki, İranda İslam inqilabı, İraq, Suriya, Əfqanıstan, Pakistan, Liviyada gedən son hadisələr hamımıza məlumdur. İnsanların köləlikdə saxlanılması, gender hüquqlarının pozulması, savadsızlıq, qadınların kütləvi işsizliyi, avamlığı bugünki ərəb islam aləmində yığılıb qalmış problemləri üzə çıxarıb. Bu gün vurğuladığım həmin ölkələrdən milyonlarla insan cəhalətdən qurtulmaq uçün hər hansı vasitədən istifadə etməklə, xristian Avropa ölkələrinə köç edir. Bundan böyük faciə ola bilərmi ?! Hesab edirəm ki, bunun kökləri araşdırılmalı, İslam dinini inkişaf etdirməli, qadın hüquiqları genişləndirilməli, gender bərabərliyi təmin olunmalı və tezliklə bu problemlər haqqında İslam ölkələrinin əməkdaşlıq konfransında, İslamın mərkəzi olan Məkkə və Mədinədə təkliflər hazırlanmalı, bununla da dünyanı, bəşəriyyəti xilas etməliyik. İslam ölkələrinin əməkdaşlıqları genişləndirilməli, musəlman aləmi bu cəhalətdən xilas olmalıdır. Bunun da əsasında düzgün dövlət seçimi, düzgün təhsil, dünya elmləri ilə dünya dinlərinin düzgün tədrisi dayanır.
-Cahangir müəllim, siz ikinci çağırış Milli Məclisdə fəaliyyətiniz dövründə bir sıra qanun layihələrinin hazırlanmasında da yaxından iştirak etmisiniz. Milli Məclisdəki fəaliyyətinizə qısa nəzər yetirmək istərdik.
-2000-2005 ci illərdə ikinci çağırış Milli Məclisdə Dövlət quruculuğu və hüquq komissiyasının sədr müavini olmaqla bir sıra qanunların hazırlanmasında təkliflərlə çıxış etmişəm. Prokurorluq orqanlarında qulluq keçmə, məhkəmə qərarlarının icrası, ombudsman, daxili işlər orqanlarında xidmət keçmə, konstitusiya məhkəməsi, məhkəmə hüquq şurası, vergilər məcəlləsi, seçki məcəlləsi, gömrük komitəsi və s. qanunların hazırlanmasında və müzakirəsində yaxından iştirak etmişəm. Bir sıra təklif və tövsiyyələrim qanunlarda qəbul olunub.
-Adətən Milli Məclisdə çıxışlarınız zamanı təhsil və səhiyyə məsələlərinə geniş yer ayırırdınız. Sizcə, qeyd edilən sahələrdə daha ciddi uğurlar əldə etmək üçün nələr etmək lazımdır?
-Bəli. Çünki bütün bəlaların açarı təhsildədir. Sovet sistemi Azərbaycanda təhsili nə qədər inkişaf etdirsə də, sovet ideologiyası həmin təhsil sisteminin müsbət tərəflərini də cılızlaşdırdı. Heç bir vətəndaş bu sistemdən kənarda qalmalı deyil. Yeniyetmə uşaqlar 5 yaşlarından 12 illik təhsil sisteminin sonuna kimi bu sistemdən bəhrələnməlidir. Məktəblərdə uşaqlar qabiliyyətlərinə görə, bölünməlidir. Yüksk qabiliyyətli uşaqlar bir təhsil sistemində, orta qabiliyyətli uşaqlar digər təhsil sistemində, aşağı qabiliyyətli usaqlar isə üçüncü təhsil sistemində sona kimi təhsillərini davam etdirməlidirlər. Natamam orta təhsil aşağı qrup səviyyəli şagirdləri əhatə etməli və onlar istədiklərinə uyğun olaraq peşə lisey təhsillərini davam etdirməlidirlər. Yuxarı səviyyəli şagirdlərin isə təhsilləri bakalavr və magistr dərəcələri ilə təmin olunmalıdır. Elmlər Akademiyasının magistr təhsil ocağı olmalıdır. Düşünürəm ki, xarici təhsil sistemindən istifadə edilməlidir. Birinci növbədə isə Türkiyənin təhsil sistemindən bəhrələnmək olar. Bu gün dünyada ən aparıcı təhsil sistemlərindən biri Türkiyədədir. Şagirdlərin test imtahan proqramı ilə vətənpərvərlik hissləri, təhsil və tərbiyə almasında Türkiyənin böyül təcrübəsi var. Biz bundan bəhrələnməyi bacarmalıyıq. Təhsil ocaqlarının əksəriyyəti demək olar ki, özəlləşmə sisteminə uyğun olaraq özəlləşdirilməlidir. Həmçinin məktəbəqədər ibtidai, natamam, orta təhsil müəssisələrinin 5-10 il ərzində proqrama uyğun olaraq əksər hissəsi özəlləşdirilməlidir. Özəlləşmə qanunlarında əsaslı islahatlar aparılmalı, birinci növbədə məktəb kollektivləri, təhsilə, elmə və onun inkişafına maraqlı olan insanlara özəlləşmə təklif olunmalıdır. Yeri gələrsə, neft fondundan bu özəlləşmə üçün müxtəlif investisiyalar qoyulmalıdır. Bu sahə üçün uzunmüddətli güzəştli şərtlər ilə kreditlər tətbiq edilməlidir. Belə olan halda təhsil müəssisələrinin maddi- texniki bazaları artar, müəllimlərin əmək haqqları çoxalar, şagirdlərin də elmə, təhsilə marağı güclənər. Bununla da biz öz ənənələrimizi, mədəniyyətimizi qorumaqla Avropa elminə inteqrasiya edər, geridə qalan cəhalətli insanları da bu hisslərdən kənarlaşdıra bilərik. Səhiyyə sahəsinə gəlincə isə, sağlamlıq insanın ən vacib nemətidir. Sağlam olmayan insan heç nəyə nail ola bilməz. Sağlamlığın keşiyində durmaq isə səhiyyə təşkilatlarının vəzifə və borcudur. Hesab edirəm ki, hər bir genetik xəstəliklər tətqiq olunmalı, yoluxucu xəstəliklərin qarşısı alınmalıdır. Əlil və fiziki cəhətdən qüsurlu insanlara isə böyük qayğı göstərilməlidir. Bu sahə də bazar iqtisadiyyatı qanunlarına uyğun olaraq özəlləşdirilməlidir. Səhiyyə ocaqları da təhsildə olduğu kimi 50-70 faizi özəlləşdirilməyə çıxarılmalıdır. Bu özəlləşdirmə də həmin səhiyyə təşkilatları arasında aparılmalıdır. Dövlət idarəçiliyində qalan təhsil və səhiyyə sistemləri yalnız xüsusi təyinatlı sahələrə xüsusi imtiyazlı şəxslərə və təqaüdçülərə, fiziki cəhətdən məhdud olan insanlara aid olmalıdır. Belə olarsa, tezliklə milyonlarla xərc çəkilmiş səhiyyə ocaqları və onların avadanlıqları qorunacaq, orada ixtisaslı peşəkar həkimlər calışacaq və əhalimizin sağlamlığı təmin olunacaq. Həmçinin bu sahə üzrə xaricə axan milyonlarla vəsaitin qarşısı alınacaq.
-Cahangir müəllim, dünya bazarlarında neftin qiymətinin kəskin aşağı düşməsi qeyri-neft sektorunu bir qədər də inkişaf etdirməyi zərurətə çevirdi. Qeyri-neft sektorunda mühüm bir istiqaməti isə kənd təsərrüfatı təşkil edir. Siz, bu sahənin inkişaf etdirilməsi üçün nələri təklif edirsiniz?
-Azərbaycan əhalisinin demək olar ki, əksəriyyəti torpağa bağlı olan insanlardır. Hətta Bakı şəhərində kiçik bir bağça tapıb, orada özü üçün bitki sahəsi yaradan insanlar da var. Əgər kənd təsərrüfatına doğru investisiyalar qoyularsa, əhali bundan bəhrələnər, boşalan kəndlərimiz dolar, xarici ölkələrə kənd təsərrüfatı məhsulları satmaqla respublikamızın inkişafı güclənər. Həmçinin Rusiyada Ukraynada yaşayan on minlərlə vətəndaşımız geri qayıdıb öz torpaqlarında bu sahədən bəhrələnərlər. Azərbaycanın kənd torpaqları demək olar ki, bu gün boş qalıb və xaricdən gətirilən kənd təsərrüfatı məhsullari ilə qidalanırıq. Bunların da əksəriyyəti geni dəyişdirilmiş məhsullardır. Hesab edirəm ki, kənd təsərrüfatına güzəştli həm natura, həm də pul şəklində kreditlər verilməlidir. Həmçinin gömrük orqanları tərəfindən ölkəyə xaricdən gətirilən məhsuilların üzərinə yüksək rüsum qoyulmalıdır. Belə olan halda yerli məhsullara təlabat artar, onların istehsalı genişlənər. Nəticə etibarilə xaricdən gətirilən məhsullarla əhalimizin genefonuna zərər dəyməz.
-Bəs Azərbaycana xarici turistlərin marağını daha da artırmaq, onları ölkəmizə cəlb etmək üçün hansı addımlar atılmalıdır?
-Dünyada turizm ən əhəmiyyətli iqtisadi sahədir. Bu, həm insanların mənəviyyatına, mədəniyyətinə, həm də iqtisadiyyatına dəstəkdir. Azərbaycanın geosiyasi vəziyyəti turizmin inkişaf etdirilməsi üçün çox əlverişlidir. Rusiya kimi böyük turizmə ehtiyacı olan olkə ilə sərhəddə yerləşməyimiz, İranla min illər boyu ticarət əlaqəmizin olması, Xəzər sahilləri, dağlıq ərazilər, Böyük və Kiçik Qafqazın əraziləri, Azərbaycanda olan milli adət-ənənələr, tarixi memarlıq abidələri, mədəniyyət nümunələri tam imkan yaradır ki, respublikamızda böyük turizm potensialı yaransın. Son illər Azərbaycanda yaradılan infrastruktur, Qusar, Qəbələ, Abşeron yarımadasında, Bakı şəhərində yaradılan turizm məkanları, hotellər şəbəkəsi, idman kompleksləri imkan yaradır ki, Azərbaycan bu sahədə geniş işlər görə bilsin. Təbii ki, son Novruz bayramında İrandan, Rusiyadan bura xeyli sayda turistlərin gəlməsi bir daha dediklərimin bariz nümunəsidir. Lakin bunlar hələ kifayət deyil. Turizmin inkişafı ilə bağlı birinci növbədə Azərbaycan ərazisində yerləşən bütün tarixi abidələr bərpa olunmalı, tanıdılmalıdır. Həmçinin birinci növbədə, yol infrastrukturlarımız yenidən qurulmalı, respublikadakı turizm obyektləri üzərində 1 km belə yararsız yollar qalmamalıdır. Həmin ərazilərdə bir – iki ulduzlu kempinq tipli məişət obyektləri salınmalıdır. Xaricdə yaşayan Azərbaycan diasporuna turizm sektorunda işləmək üçün sertifikatlar verilməlidir. Həmçinin xarici səfirliklərimizin hər birində turizm üzrə müşavirlər fəaliyyət göstərməlidir. Həmin olkələrdəki xarici turizm şirkətləriylə qarşılıqlı münasibətlər yaradıb, ölkəmizə turist axınlarını artırmaq olar. Bununla da qısa müddətdə neft gəlirindən əldə etdiklərimizdən artıq vəsaitləri turizm sahəsindən qazana bilərik. Turizmlə məşğul olmaq həvəsində olan hər bir insana kənd, qəsəbə, şəhər, yaşadığı ərazidə milli adət-ənənələrimizi, sənətkarlıq nümunələrimizi, tarixi abidələrimizi və başqa müsbət məqamları nümayiş etdirmək və təbliğ etmək imkanları yaradılmalı, ali, orta ixtisas məktəblərində turizm elminin inkişaf etdirilməsi üçün tədbirlər proqramı hazırlanmalıdır. Bu sahədə mətbəx mədəniyyəti, xalçaçılıq, dulusçuluq, misgərlik sənətləri, gülüş səhnələri, kəndirbaz oyunları, pəhləvan döyüşləri, atçılıq idman növləri və s. dən geniş istifadə olunmalıdır. Bu sahədə də həmçinin Türkiyə Respublikasından peşəkar insanlar dəvət olunmalı, turizm biznesinin inkişafına hərtərəfli kömək göstərilməlidir.
-Bu gün cəmiyyətin ən aparıcı təbəqələrindən biri gənclərdir. Bəs gənclərin ictimai-siyasi fəallığı qaneedicidirmi?
-Ölkəmizin əhalisinin sayı artıq on milyona yaxındır. Sevindirici haldır ki, əhalimizin xeyli hissəsi gənclərdən ibarətdir. Gənclik insan həyatının ən önəmli və gözəl dövrüdür. Elm, mədəniyyət, incəsənət, siyasət, idman sahəsində xeyli sayda gənclərimiz var. Mən istəyirəm ki, gənclərimiz Azərbaycan dövlətinin idarəçiliyində daha öndə olsunlar. Onlardan bütün sahələrdə - iqtisadi, hüquqi, siyasi və s. sahələrdə istifadə etmək olar.
-Siz həm də beynəlxalq hüquq məsələləri üzrə ekspertsiniz. Bu gün hüquqi sahədə hansısa islahatlara ehtiyac duyulurmu?
-Hesab edirəm ki, hər bir sahənin hüquqi tənzimləmə aktları olmalıdır. Şah qanun deyil, qanun şahdır prinsipi ilə hüquqi dövlət hüquqi dövlət anlayışı genişləndirilməlidir. Yerlərdə bələdiyyə qurumları qanunvercilik orqanlarına qanunların təklif və hazırlanmasına kömək etməlidirlər. Bu işdə xüsusi elmi idarələr, Elmlər Akademiyasının institutları da komək etməlidirlər. Elə bir boş sahə olmalı deyil ki, onun öz hüquq tənzimləyicisi olmasın. Hər bir bölgənin öz qanunvericilik səlahiyyəti olmaqla bölgə üzrə qanunların hazırlanma ixtiyarları da onlara verilməlidir. Respublika əhəmiyyətli qanunlar parlamentdə, əyalət qanunları isə əyalətin qanunvericilik orqanında baxılmaqla yuxarı palatada təsdiq olunmalıdır. Qanunların aliliyi icra orqanları tərəfindən ciddi qorunmalı və hər bir vətəndaş buna riayət etməlidir. Pozulan qanunlara görə, müxtəlif ölçülü inzibati və hüquq cəzalar verilməlidir. Korrupsiya haqqında qanun artıq ölkəmizdə 10 ildən artıqdır ki, qüvvədədir. Bu qanunun hər bir müddəası dövlət qulluqçuları üçün təməli qanun olmalıdır və onlara ciddi əməl edilməlidir.
Ümumiyyətlə, insan haqları, insan hüquqları və vicdan azadlıqlarının qorunması bu gün ən vacib və ümdə vəzifələrdən biridir. Heç kim əsassız və düzgün tövsif olunmayan, sübut edilməyən cinayət işi ilə mühakimə olunmamalıdır. Respublikada İstintaq Komitəsi yaradılmalı və bütün istintaq orqanları orada birləşdirilməlidir. Belə olan halda vətəndaş və insan haqları daha ciddi qorunar, əsassız ittihamlar irəli sürülməz, bu sahədə beynəlxalq nüfuzumuza xələl gəlməz. Yoxsa bu gün biri Vətənə xəyanət, qərəzli xuliqanlıq və digər ağır cinayətlərlə həbs olunur, sonradan onun cinayət işi başqa maddəyə tövsif olunaraq azadlığa buraxılır. Cənab Prezident də istintaq və məhkəmə orqanlarının düzgün olmayan qərarlarını əfv sərəncamları imzalamaqla onları azadlığa buraxır. Bütün bunlar təqdir olunsa da, lakin istintaq və məhkəmə orqanları üçün bu heç də yaxşı hal deyil. Bəs, həmin insanların özləri və ailələrinə dəymiş ziyani hansı istintaq orqanları ödəyəcək.
-Cahangir müəllim, son olaraq bilmək istərdik ki, müstəqilliyimizin 25 illiyində əldə etdiklərimiz nədən ibarət olub?
-Azərbaycan qədim və orta dövlərin böyük imperiyalarının mirasıdır. Mən bu barədə qələmə aldığım 2014-cü ildə Bakıda, 2015-ci ildə isə İstanbulda nəşr edilən “Azərbaycan Nadir Əfşar Dövləti” elmi publisistik kitablarımda məlumat vermişəm. Həmin kitabımın Bakıda və İstanbulda geniş təqdimatları oluib və oxuculara çatdırılıb. Hazırda isə bu kitabın ingilis və rus variantları üzərində işləyirəm. Həmin bu kitabımı Nadir şahın 325 illiyinə, bu il tamam olan onun qurduğu dövlətin 280 illiyinə ithaf etmişəm. Kitabı Bakı, İstanbul, Bursa, Tehran , Məşhəd, Təbriz və Vatikan arxivlərindən və akademik Ramiz Mehdiyevin Nadir şah barəsində 2015-ci ildə çıxan “Nadir Şah Diplomatik yazışmaları” və İstanbul dövlət arxivində olan Nadir şahla bağlı sənədlər toplusundan da istifadə etməklə yenidən 2015-ci ildə İstanbulda nəşr etdim. Azərbaycan Respublikasının böyük bir imperiyanın kiçik bir yadigarı, sələfi olmasını elmi arxiv materialları ilə qələmə aldım. Və kitabımın sonunu “Gəlin Azərbaycanımızı qoruyaq!!!” sözləriylə bitirdim. Hər bir oxucu mənim bu kitablarımı cahangirhuseynov.com saytıma girib, oxuyub, tanış ola bilərlər. Lakin bir daha vurğulayıram ki, yüz illər, min illər tarixi olan Azərbaycanımız böyük imperiyalardan dövlətlərdən qalmış kiçik bir yadigardır. Bu il müstəqilliyimizin 25 illiyini qeyd edəcəyimiz Azərbaycan Respublikasının bayrağı bu illər ərzində dünyanın mötəbər təşkilatlarında dövlətlərində qürurla dalğalanıb. Ulu Öndərimiz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra Azərbaycan yenidən dağılma təhlükəsindən xilas oldu. Sovetlər dövründə SSRİ məkanının ən geridə qalmış, tanınmaz bir respublikasından Heydər Əliyevin birinci hakimiyyəti dövründə SSRİ-nin ən inkişaf etmiş, tanınmış respublikasına çevrilən Azərbaycanımız 90 cı illərin əvvəllərində Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra yenidən öz inkişaf yolunu seçdi. Bu gün Ulu Öndərimizin layiqli davamçisi İlham Əliyevin məqsədyönlü və uğurlu idarəçiliyi sayəsində Azərbaycan ən inkişaf etmiş ölkələrin səviyyəsinə çatıb. Bakı şəhəri bu gün dünyanın ən gözəl şəhərlərinin siyahısına daxil olub. Respublikamızın bölgələrində geniş quruculuq abadlıq işləri aparılıb. Azərbaycanda dünyanın ən mötəbər idman yarşları, mədəniyyət və siyasi tədbirləri keçirilməkdədir. Hər bir azərbaycanlı bundan qürur hissi keçirməlidir. Dünyanın hansı ölkəsində yaşamağımızdan aslı olmayaraq orada Azərbaycanı qürur hissi ilə təmsil etməliyik, onu daha da tanıtmalı, inkişafı üçün əlimizdən gələni əsirgəməməliyik. Bu işdə hər birimiz Ulu Öndərimizin yadigarı olan mötəbər cənab Prezidentimizə dayaq və dəstək olmalıyıq. İctimai-siyasi xadim, tədqiqatçı alim kimi bu işlərdə Cənab Prezidentə dayaq olan, onun həyata keçirdiyi siyasəti var qüvvəsi ilə dəstəkləyən Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili Mehriban Əliyeva, Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, Prezidentin ictimai siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, baş nazirin müavini Əli Əhmədov, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, daxili işlər naziri Ramil Usubov, Məhkəmə Hüquq Şurasının sədri Fikrət Məmmədov, Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş üzrə şöbənin müdiri Fuad Ələsgərov və Prezidentin mühafizə xidmətinin rəisi general-polkovnik Bəylər Eyyubova uğurlar diləyir, onlara dövlətimizin, dövlətçilik siyasətimizin qorunması, inkişaf etdirilməsində müvəffəqiyyətlər arzulayıram. Çünki adını qeyd etdiyim insanlar hər zaman Prezidentə yaxından dəstək olub, dövlətimizə, dövlət başçımıza sədaqətlə xidmət ediblər. Mən də Afşarlar nəslinin bir nümayəndəsi kimi bütün bunlardan qürur hissi kecirir və fəxr edirəm!!! Sonda bunları deməyi də özümə borc bilirəm ki, bu fikirləri, 2012-ci ildə qələmə aldığım “Mənim xidməti və siyasi fəaliyyətim” adlı kitabımda vurğulamışam. Kitabımla tanış olan insanlar bu fikirlərimi hələ bir neçə il bundan öncə oxuyub və mənə dəstək olublar. Bu gün də istəyirəm ki, Azərbaycan daha güclü dövlət olsun, xalqımız firavan yaşasın! Möhtərəm cənab Prezidentimiz İlham Əliyevin ətrafında daha sıx birləşərək, ona arxa olmalı, Dağlıq Qarabağ problemininin tezliklə həll olunmasında Cənab Prezidentə dəstək göstərməliyik. Ulu tanrıdan xalqımıza, millətimizə firəvanlıq arzulayıram.