Cahangir Hüseynov: "Sabitliyə, əmin-amanliga, seçkilərdə ən layiqli namizədimiz olan İlham Əliyevə səs verəcəklər"
Əvvəli ötən sayımızda
Artıq prezident seçkilərinə iki həftədən də az bir müddət qalıb. Seçki hazırlıqlarının böyük bir mərhələsi yekunlaşıb və hazırda namizədlər seçkiqabağı təbliğat-təşviqat prosesini həyata keçirirlər. Prezident seçkiləri ərəfəsində ölkədə azad və demokratik seçki keçirilməsi üçün kifayət qədər şərait yaradılsa da, lakin müəyyən siyasi dairələr ölkədə normal seçki mühitinin olmamasını iddia edərək bu mühüm siyasi mübarizədən kənarda dayanıblar. Həmçinin seçki ərəfəsində mənfi bir tendensiya müşahidə edilir ki, bəzi şəxslər və qruplar siyasi mübarizə meydanını söyüş, təhqir meydanına çeviriblər. Xüsusilə, müxtəlif adlar altında Avropada özlərinə sığınacaq alan bəzi "ictimai siyasi fəallar" qeyri-etik fəaliyyət növünə üstünlük verərək ayrı-ayrı şəxsləri, rəsmiləri, hətta vətəndaşları belə təhqir edirlər. Bu isə Azərbaycan cəmiyyətində haqlı olaraq narazılıq yaradır.
Seçkiqabağı ölkədəki ictimai-siyasi vəziyyətə aydınlıq gətirmək, seçkiöncəsi durumu dəyərləndirmək üçün sabiq millət vəkili, tədqiqatçı alim, hüquq elmləri üzrə fəlsəfə doktoru Cahangir Hüseynovla söhbətləşdik.
-Cahangir müəllim, ölkə mühüm siyasi hadisə astanasında olduğu bir ərəfədə bəzi siyasi partiyalar seçkini boykot etməklə yanaşı, bu prosesə mane olmağa da çalışırlar. Sizcə bir siyasi partiyanın seçki prosesindən imtina etməsi nə dərəcədə doğru yanaşmadır?
-Təbii ki, bu onların öz hüququdur. 18 yaşından yuxarı olan hər bir vətəndaşın seçib-seçilmək hüququ var. Qaldı bəzi siyasi partiyaların seçkiləri boykot etməsinə, bu da onların daxili işləridir.
-Paralel olaraq hazırda belə bir mənfi tendensiya müşahidə edilir ki, Avropa ölkələrinə müxtəlif adlar altında gedib orada özünə sığınacaq almış şəxslər bu gün siyasi mübarizə yolunda təhqir və böhtana, dövlət atributları, ölkə rəsmilərini təhqir etməyə, aşağılamağa üstünıük verirlər. Sizcə bu nə dərəcədə sivil siyasi mübarizə yoludur?
-Mən bunu siyasi xuliqanlıq hesab edirəm. Düzdür, hər bir insanın sosial şəbəkələr vasitəsilə öz fikrini ifadə etmək, imkanı var və bu normaldır. Bütün respublika vətəndaşları bu imkanlardan istifadə edib ölkəmizin daha da inkişaf etməsi, dövlətimizin güclü olması üçün öz fikirlərini, istək və arzularını ifadə etməlidirlər. Ancaq sosial şəbəkələrin imkanlarından istifadə edib təhqiredici fikirlər səsləndirmək, insanları aşağılamaq qəti şəkildə yolverilməzdir. Belə kampaniyalardan istifadə etmək onların sıyası savadsızlığıdır.
-Ola bilərmi ki, bu kimi mənfi halların, dövlətimizə qarşı aparılan çirkin kampaniyanın arxasında erməni lobbisi dayanır?
-Əlbəttə ki, onların arxasında hər kəs ola bilər. Erməni lobbisi də, Azərbaycanı sevməyən digər xarici qüvvələr də. Bu barədə çox danışmaq olar. Ancaq hesab edirəm ki, heç kəs başqalarının istəyi ilə öz ölkəsi, xalqına dövlətinə qarşı bu formada çıxmalı deyil.
-Ümumilikdə prezident seçkilərindən gözləntiləriniz nədən ibarətdir?
-Azərbaycan xalqı müdrik xalqdır və inanıram ki, onlar öz seçimlərini daha düzgün edəcəklər. Və seçkilərdə ən layiqli namizədimiz olan Cənab İlham Əliyevə səs verəcəklər. Bunu da şərtləndirən amillər kifayət qədərdir. Belə ki, son 15 ildə respublikamız çox inkişaf edib, dünyada tanınıb, seçilən ölkələrdən birinə çevrilib. Dünya ölkələrinin əksəriyyəti Azərbaycana böyük hörmətlə yanaşırlar. Neft müqavilələri yenilənib. Ötən illərdə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və Avropaya ixrac ediləcək qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti istifadəyə verilib. İnanıram ki, bu dəmir yolu tezliklə Londondan Çinə qədər böyük bir coğrafiyanı əhatə edəcək. Eyni zamanda Tehrandan Finlandiyaya qədər uzanan şimal-cənub nəqliyyat dəhlizi də fəaliyyətə başlayacaq. Paralel olaraq ölkədə iqtisadi və sosial, eləcə də digər sahələrdə çoxsaylı layihələr həyata keçirilib və yeni-yeni layihələr də nəzərdə tutulur. Hesab edirəm ki, bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan çox uğurlu yoldadır, inkişaf edir. Və hörmətli prezidentimiz Cənab İlham Əliyev də bütün bu layihələri bundan sonra da davam etdirəcək və Azərbaycan dövlət başçımızın rəhbərliyi altında yeni uğurlara imza atacaq. Nəticə etibarilə Azərbaycan xalqının rifah halı getdikcə daha da yaxşılaşacaq.
Qeyd etdiyim kimi Azərbaycan son illər yüksək sürətlə inkişaf edib. İqtisadi, sosial, mədəni həyatda böyük uğurlar əldə edib. Respublikamızın bütün turizm zonalarında, Baki şəhəri Lənkəran, Qəbələ, Naftalan, Quba-Qusar zonalarında gözəl turizm istirahət mərkəzləri yaradılıb. Bundan da həm yerli vətəndaşlar, həm də ölkəmizə təşrif buyuran xarici qonaqlar bəhrələnir.
-Cahangir müəllim, qarşıdan həm də Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi gəlir və bu tarix ölkədə geniş səviyyədə qeyd ediləcək. Bununla bağlı prezident sərəncam da imzalayıb. Bütün bunlar müstəqil Azərbaycanın Xalq Cümhuriyyətinin şərəfli tarixinə böyük ehtiramla yanaşdığının göstərici sayıla bilərmi?
-Məlum olduğu kimi Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd edilməsi ilə bağlı sərəncam imzalayıb. Həmin sərəncam əsasında bir sıra tədbirlər keçirilir. Həmçinin may ayında geniş bir şəkildə dövlət tədbiri təşkil olunacaq. Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə, müsəlman aləmində yaranan ilk cümhuriyyət hesab olunur. Məlumat üçün qeyd edim ki, keçən il İslam Həmrəyliyi ilə bağlı monoqrafiya hazırlamışam və onun ikinci hissəsini isə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr etmişəm və hal-hazirda onun üzərində işləyirəm. Yəqin ki, yaxın vaxtlarda o əsərim də işıq üzü görəcək. Bildiyiniz kimi 2012-ci ildən mən elmi yaradıcılıqla məşğul oluram. Artıq 5 ildir ki, Azərbaycanın orta əsrlər tarixi ilə bağlı araşdırmalar aparıram. Bir kitabım Türkiyədə nəşr olunub. Həm Füzuli adına Əlyazmalar İnstitutunda olan tarixi materiallar, həm də İstanbul arxivlərində Nadir şahla bağlı olan tarixi materiallar əsasında türk dilində "Azərbaycan Nadir Əfşar dövləti" adlı elmi əsərim çapdan çıxıb. Hər iki kitab geniş oxucu kütləsi tərəfindən maraqla qarşılanıb. Həm Türkiyə, həm də Bakıda təqdimatlarınıkeçirmişik. Bütün bunlarla yanaşı dərin təəssüf hissi ilə qeyd edirəm ki, Azərbaycan tarixi bu günə qədər tam araşdırılmayıb. Yəni, sovetlər ittifaqı, ondan əvvəl isə Çar Rusiyası çalışıb ki, Azərbaycanı daha da kiçiltsinlər. Azərbaycanın Cənubu bildiyimiz kimi böyük bir ərazini əhatə edib və müxtəlif illərdə orada milli azadlıq hərəkatları baş qaldırıb. Ancaq həmin milli azadlıq hərəkatlarının yatırılması üçün həm Rusiya, həm də digər Antanta dövlətlər İran dövlətinə yardımlar ediblər. Onun da müxtəlif səbəbləri var. Belə ki, Stalinin dövründə Sezgi Finlandiya, Qərbi Ukrayna, Polşanın Şərq hissəsi, Moldovanın bir hissəsi Yaponyanin Kuril adalari Sovet İttifaqının tərkibinə birləşdirildi. Lakin Cənubi Azərbaycanda gedən milli azadlıq hərəkatlarına xəyanət oldu və onlar pərən-pərən edildi.
Bütün bunları nəzərə alaraq Azərbaycanın orta əsrlər tarixinin öyrənilməsi, tədqiq olunması istiqamətindəki fəaliyyətimi davam etdirirəm. Bu yaxınlarda ingilis tarixçisi Maykl Oksfortinin 2006-cı ildə Londonda iki dəfə çap etdirdiyi "Nadir Əfşar, İranın qılıncı" adlı əsərini əldə etmişik. Həmin əsər tərcümə olundu və akademik Ramiz Mehdiyevin ideyası və köməkliyi, eləcə də ön söz müəllifi ilə həmin kitaba çox böyük önəm verildi. Həmin kitab bu yaxınlarda Şərq-Qərb Nəşriyyatında çapdan çıxıb. Mən və siyasi elmlər üzrə fəlsəfə doktoru Eldar Əmirov həmin kitabın tarixi məlumatlar, qeydlər və şərhlər hissəsinin hazırlanmasına öz töhfəmizi vermişik. Bir daha vurğulamaq istəyirəm ki, akademik Ramiz Mehdiyevin bu kitaba ön söz yazması Azərbaycan tarixinin bir növ pəncərəsidir. Ramiz Mehdiyev qələmə aldığı qeydləri ilə Azərbaycan tarixinə geniş elmi əsaslarla aydınlıq gətirib. Ona görə də sizin qəzet vasitəsilə akademik Ramiz Mehdiyevə dərin minnətdarlığımı bildirirəm.
-Cahangir müəllim, bu il həm də Sizin 65 yaşınız tamam olur. 65 illik həyat fəaliyyətinizi necə xarakterizə edərdiniz?
-Məlumat üçün qeyd edim ki, hələ 2012-ci ildə 60 illiyimlə əlaqədar olaraq "Mənim xidməti, siyasi fəaliyyətim" adlı kitabım işıq üzü görüb. Həmin kitab oxucular tərəfindən böyük maraqla qarşılanmışdı Aradan keçən beş illik fəaliyyət dövrümü isə yalnız orta əsr Azərbaycan tarixinin tədqiq olunmasına həsr etmişəm. Bununla bağlı İranda, Türkiyədə, Gürcüstanda, hətta Vatikanda belə arxivlərdə olub tarixi faktların araşdırılması və onların geniş Azərbaycan kütləsinə çatdırılması üçün əlimdən gələni əsirgəmişəm. 2016-ci ildə Azərbaycan ordusunun aprel döyüşləri, və həmin döyüşlərdə həlak olan şəhidlərin xatirəsinə və ordumuzun şərəfinə həsir etdiyim "Fikir və düşüncələrim" əsərim də maraqla qarşılanmışdı. Hal-hazırda Azərbaycan Nadir şah dövləti tarixi kitabı rus və ingilis dillərinə tərcümə edilib və çap olunması üzərində işləyirəm. Sualınıza gəldikdə, hesab edirəm ki, 65 illik ömür, həyat yolu az bir müddət deyil, bu insan ömrünün çox bir hissəsidir. Bundan sonrada Allahın köməkliyi ilə elmi fəaliyyətlərimizi davam etdirəcəyik.
Süleyman İsmayılbəyli